•  

    Xırdalan şəhəri, Səməd Vurğun küç.7, Dövlət Aqrar İnkişaf İdarəsi (Abşeron K/T idarəsi)

Bu gün aqrar sahənin sürətli inkişafı fonunda qarşıya qoyulan əsas məqsədlərdən biri də ərzaq təhlükəsizliyinin etibarlı təmini ilə bağlıdır. Bunun üçün Azərbaycanın diqqət mərkəzində saxladığı əsas məqamlardan biri daxili istehsal həcminin artırılmasıdır. Qeyd olunan məqsədlə xüsusi nəzər yetirilən məqamlardan biri toxumçuluqdur. Son vəziyyətin təhlili ölkənin bu sahədə hələ də idxaldan asılılıq vəziyyətinin qaldığını göstərir. Amma hökumət bu istiqamətdə də tələbin daxili istehsal hesabına ödənilməsi üçün hərəkətə keçib. Belə ki, Azərbaycanda Toxumçular Assosiasiyasının yaradılması nəzərdə tutulur. Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, artıq özəl toxumçuluğun mövcud problemlərini aradan qaldırmaq istiqamətində fəaliyyətə başlanıb. Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin icra etdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində toxum sektorunun, o cümlədən özəl toxumçuluğun inkişafı üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər çərçivəsində özəl toxumçuların bilik və bacarıqlarının artırılması, yeni innovativ metodlarla tanış olması, ilkin toxumtəmizləmə avandalıqlarının alınmasında maliyyə dəstəyi göstərilməsi planlaşdırılır. Artıq regionlarda özəl toxumçuların texnika və avadanlıqlara olan ehtiyaclarının müəyyənləşdirilməsinə, özəl toxumçuluğun inkişaf etdirilməsində mövcud problemlərin müzakirəsinə başlanıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev qeyd edir ki, ölkədə özəl toxumçuluğun inkişafı ilə bağlı 1 milyon manata qədər vəsaitin ayrılması planlaşdırılır. Dövlət Xidmətinin rəhbəri bildirib ki, sözügedən vəsait özəl toxumçuluq sahəsində texnologiya bazasının inkişafı məqsədilə verilir. Qeyd olunub ki, bir toxum istehsalçısına düşən maliyyə vəsaiti təqribən 50 min manatdır. Bundan başqa, toxumçuluqla məşğul olan bir neçə nəfər birləşərək həmin vəsaiti əldə edə bilərlər. Bunun üçün isə beynəlxalq təcrübəyə əsaslanmış prosedur qaydaları var. M.Əliyev onu da diqqətə çatdırıb ki, fermerlərə pul əvəzsiz, yəni qaytarılmamaq şərtilə verilir. Bunun üçün fermerlər 100 min manatlıq biznes plan təqdim etməlidirlər: “Bu vəsait dövlət tərəfindən toxumçuluğun inkişafına yönəlmiş bir addımdır. Fermerlər sözügedən vəsaiti müraciətlər əsasında artıq ala bilərlər. Müvafiq sənədlərin alınması, biznes planların hazırlanması istiqamətində lazımi dəstəyi verəcəyik. Bu məqsədlə dövlət xidmətində işçi qrup da yaradılıb”. Ekspertlər isə bütün bunları yüksək qiymətləndirir. Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Toxumçular Assosiasiyasının yaradılmasını çox müsbət qiymətləndirib: “Təkcə xaricdən gətirilən toxumlardan istifadə etmək təhlükəsizlik problemi yaradır. Əgər toxumları ancaq xaricdən gətirəcəyiksə, bu, kənd təsərrüfatının iqtisadi göstəricilərinə, ərzaq təhlükəsizliyinə təsir edəcək”. Onun fikrincə, toxumçuluğun inkişaf etdirilməsi Azərbaycanda elmi-tədqiqat işlərinin davam etdirilməsi və tərəqqisinə müsbət təsir edəcək. Yəni toxumçuluğun inkişaf etdirilməsi xaricdən gətirilən toxumların Azərbaycanın aqro-iqlim şəraitinə uyğunlaşdırılması ilə bağlı elmi-tədqiqat işlərinin aparılmasına, yeni sortların yaradılmasına imkan yaradacaq. Onun sözlərinə görə, ölkədə toxumçuluğun inkişafı, eyni zamanda xaricdən gətirilən toxumların qiymətinin bahalaşmasının qarşısını alacaq: “Bu, Azərbaycanda yerli toxumların saxlanmasına və daha məhsuldar toxumların yaradılmasına imkan yaradacaq. Həmçinin, xaricdən gətirilən toxumlardan asılılıq azalacaq, ərzaq təhlükəsizliyi problemi həll ediləcək”. Ekspert bildirib ki, dünyada toxumçuluqla məşğul olan bir sıra böyük şirkətlər müəyyən dərəcədə qiymətlərə nəzarət edir. Eyni zamanda, həmin şirkətlər bu sahədə yeni texnologiyaların tətbiqi ilə məşğuldur. Azərbaycan bu sahədə yeni texnologiyaları idxal edərək tətbiq etsə, toxumçuluğu daha da inkişaf etdirə bilər: “Bunun üçün də imkanlar mövcuddur. Hazırda regionda kənd təsərrüfatının ən çox inkişafına Azərbaycanda diqqət yetirilir. Bunun da ölkəmizdə toxumçuluğun inkişaf etdirilməsinə çox böyük müsbət təsiri olacaq. Azərbaycanda özəl toxumçuluğun inkişafı ilk növbədə bu sahədə rəqabətin yaradılmasına, formalaşmasına gətirib çıxaracaq”. O qeyd edib ki, toxum istehsal etmək üçün ilk növbədə yüksək səviyyədə bilik lazımdır: “Özəl toxumçuların bilik və bacarıqlarının artırılması vacibdir. Digər tərəfdən, bu sahə böyük avadanlıq, yəni böyük kapital qoyuluşu tələb etmir. Ancaq bu sahədə gəlirlər yüksəkdir. Toxumçuluq həmişə gəlirli sahə olub”. Ekspertin qənaətincə, bu sahədə kooperasiya sistemi yaradıla bilər: “Başqa sözlə, hər hansı bir fermer təsərrüfatı əsasən bitkiçiliklə məşğuldursa, onun toxumçuluqla məşğul olması məsələsi də qalxacaq. Ona görə ki, fermer xaricdən gətirilən toxumdan asılı olmaq istəmir. Çünki burada müəyyən çətinliklər var, dünya bazarında dəyişikliklər olur və sair. Təbii olaraq fermer istəyir ki, özünün toxum bazası olsun və bu sahədə risq səviyyəsini aşağı endirsin”.